Tələbələr “Xocalı - XX əsrin soyqırımı”nı qeyd etdilər
“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kitabxanasında 581 və 117 saylı qrupun tələbələri “Xocalı - XX əsrin soyqırımı”adlı tədbir keçirdilər. Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov tədbirdə çıxış edərək əsrin faciəsinin heç vaxt unudulmayacağını bildirdi. Kollecin müəllimləri Zülfiyyə Zeynalova və Təranə Şahmuradova çıxış edərək bildirdilər ki, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.
Sonra kollecin kitabxana müdiri Xanım Vəliyeva tələbələrə Xocalı soyqırımı haqda məlumat verərək bildirdi ki, 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş soyqırım törətmişdir. Bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər yerlə-yeksan edilmişdir. Soyqrım nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Xocalı Soyqırımı 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindəndir.