Lacın tezliklə cənnətə cevriləcək

Prezident İlham Əliyev: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı...”
Məlum olduğu kimi, artıq Lacın rayonunun işğaldan azad olunmasından iki il ötür. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. 
Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu.
Qanunsuz məskunlaşmaya son qoyuldu
Yeri gəlmişkən, Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub.
Laçının iqtisadi potensialı yüksəkdir
Onu da bildirək ki, Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
İşğaldan azad olunduqdan sonra Laçında da abadlıq və quruculuq işlərinə başlanıldı. Burada generasiya gücü 8 meqavat olan Güləbürd, Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Yeni yollar, yeni qovşaqlar
 Rayonun yol-nəqliyyat strukturunun da yenilənməsinə başlanıldı. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Laçın Dövlət Təbiət Yasaqlığı isə 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlarına ayrılır. Sahəsinin 7369 ha və ya 34,5 faizi meşə sahəsi, 1448 və ya 6,8 faizi alp çəmənliyi, 7400 ha və ya 34,8 faizi subalp çəmənliyi, 4257 ha və ya 20 faiz otlaqlar, 862 və ya 4 faiz qayalar və uçqunlar, 34 ha isə xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən, vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında, ancaq həmin yasaqlıqda yayılıb.
Laçınlılar tezliklə doğma elə qayıdacaqlar
Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”. Dövlət başçısı erməni işğalçılarının işğaldan azad edilmiş torpaqlarda hər tərəfin infrastrukturun dağıdıldığını, binaların söküldüyünü, hər yeri viran qoyduqlarını deyib və bildirib ki, həmin bölgələrdə, rayonlarda normal həyat üçün bütün addımlar atılacaq.
Hava limanının tikintisi 2024-ci ilə hazırdır
 “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, hazırda ərazi təmizlənir: “Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq: “Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir”. Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
“Böyük Qayıdış” Proqramı kənd təsərrüfatının inkişafını sürətləndirir 
Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır.
Laçın rayonunda heyvandarlıq üçün böyük imkanlar vardır. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.  Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır. Qələbənin ikinci ildönümü - Zəfər gününə həsr olunmuş konfransda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, “Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin ediləcək”.
Beləliklə, son da bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Zaur Vəliyev,
                             UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini

29-11-2022, 13:25
up