Uğurlu “Üç nöqtə”əməliyyatı “Zəngilan sən azadsan!”
Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi qeyd olunur.
UNEC-in nədində Sosial İqtisadi Kollecin hərbi müəllimi Xəlil Hüseynov 20 oktyabr tələbələrə Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Zəngilan şəhərinin və ətraf kəndlərinin azad olunması ilə bağlı nümunəvi dərs təşkil etmişdir. Dərs zamanı tələbərə catdırılıb ki, Vətən müharibəsində Zəngilanın azad edilməsi üçün uğurlu “Üç nöqtə” əməliyyatı həyata keçirilib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və onlar qaçmağa məcbur olublar. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib.
Vətən müharibəsi yekunlaşandan dərhal sonra sıx meşələri, yaşıl bitki örtüyü, gursulu çayları ilə seçilən Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Zəngilan rayonunda sürətli yenidənqurma işlərinə başlanılıb. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir.
Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması sakinləri də sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, məktəbdə dərslər keçirilir. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidinin tikintisi aparılır. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.
1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində rayonu erməni quldur birləşmələrindən təmizləməyə nail olub. 44 günlük Zəfər yürüşündə hər gün gələn qələbə xəbərləri sırasında növbə Zəngilan rayonuna da çatdı: Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi. Oktyabrın 20-də Prezident İlham Əliyev bu xoş xəbəri xalqa çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!