Kollecdə təlim kecirildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası - COP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq qruplarda  “Gəlin yaşıllıqları qoruyaq” adlı təlim keçirilib.

Təlimdə kollecin istehsalat təcrübə rəhbəri Natiq Musayev cıxış edərək tələbələrin nəzərinə çatdırıb ki, bu gün respublikamızın hər yerində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində bir sıra işlər görülür. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kollecimizdə də müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər keçirilir. Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Vətənimizin insanı valeh edən möcüzəli təbiəti, bitki örtüyü, zəngin heyvanat aləmi bu yerlərə xüsusi yaraşıq bəxş edir. 

Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə ağıllı nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır. Ana yurdumuzun təbiəti ulu Tanrının bizə bəxş etdiyi elə gözəl sənət əsəridir ki, bu əsəri korlamaq, ona laqeyd münasibət bəsləmək ən azı insafsızlıqdır.

Təbiətin qorunması, mühafizə olunması ümumxalq işidir. Hər bir vətən övladı doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı "Qırmızı kitab"a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan təbiətinin qorunması üçün bütün imkanlardan istifadə etmiş, Vətənimizin yaşıllıqlara bürünməsi istiqamətində xeyli iş görmüşdür. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizdə meşə zolaqları genişləndirilmiş, yeni-yeni parkların salınması diqqətdə saxlanılmışdır. Bu gün respublikamızda yaradılan milli parklar, qoruqlar və yasaqlıqlar təbiətimizin qorunması sahəsində dövlət tərəfindən atılan önəmli addımlardır. Yaşıllıqların zənginləşdirilməsi, təbiətinin qorunması ölkəmizdə  turizmin inkişafına da güclü təsir edir. Ona görə də doğma yurdun təbiətini sevmək, ona övlad məhəbbəti bəsləmək bizim hər birimizin müqəddəs amalına çevrilməlidir.

Təlimin sonunda Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

28-06-2024, 02:12
up