Tələbələrin "Qobustan Dövlət Tarixi Bədii Qoruğu"na ekskursiyası təşkil edilib
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “İdarəetmə” şöbəsinin “Sosial iş” ixtisasının 714 saylı və “Bank işi” şöbəsinin “Bank işi” ixtisasının 467 saylı qrupunun tələbələrinin "Qobustan Dövlət Tarixi Bədii Qoruğu"na ekskursiyası təşkil edilib. Ekskursiya qoruq ərazisində inşa edilən muzeydən başlayıb. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb. Qoruğun bələdçisi tələbələrə məlumat vermişdir ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.Tələbələr ərazidə yerləşən mağaranı da ziyarət etmişlər. Tələbələrin daha çox marağına səbəb olan Böyükdaş və Cingirdağda olan “Qavaldaş” adlanan daş musiqi qurğusu ilə yaxından tanış olmuşdular.
Daha sonra məlumat verilib ki, “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir. Sonra tələbələr qoruq ərazisindəki digər qədim rəsm nümunələrinə baxmışlar.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın tələbələrə tanıdılması olmuşdur.
Ekskursiya 714-cü qrupun rəhbəri Aynur Ağamalıyevanın və 467-ci qrupun rəhbəri Səadət Məmmədovanın təşkilatçılığı ilə baş tutmuşdur.