Qlobal istiləşməyə qarşı hamı səfərbər olmalıdır

Bu gün UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Qlobal istiləşmə və onun yaratdığı böyük fəsadlar. Bəs buna səbəb nədir”? mövzusunda dəyirmi masa keçirilib. Metodiki Kabinetin təşkilatçılığı ilə təşkil edilmiş dəyirmi masada çıxış edən metodist Sveta Behbudova mövzu ilə əlaqədar bildirdi ki, qlobal istiləşmə son illər dünyada yaşayan insanların haqlı təlaşına səbəb olan amillərdən biridir.
 “Ətraf və təbii mühit insanın həyat fəaliyyətinin ən zəruri vasitəsidir. İnsan fəaliyyətinin əsaslarını təsbit edən əlverişli ətraf mühitdə yaşamaq hüququ vətəndaşların ekoloji hüquqları sistemində mühüm yer tutur. Lakin təəssüflər olsun ki, bu gün dünyada baş verən hadisələr ekoloji tarazlığın pozulmasına səbəb olub. Bu prosesin təməlində atmosferə buraxılan qazlarının artması və bunun nəticəsində yaranan iqlim dəyişikliyi dayanır.
Havaların daha isti və az yağmurlu keçməsi ölkəmiz üçün də çox böyük fəsadlar səbəb olur. Bu, ilk növbədə iqtisadiyatda, kənd təsərrüfatında özünü biruzə verəcək”.
Qlobal istiləşmənin qarşısının alınması üçün ən yaxşı yollardan biri alternativ enerji mənbələrinin inkişafı təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulmalmasında söz açan Sveta Behbudova bildirdi ki, insanın sağlamlığında əvəzsiz rol oynayan meşələrin qorunması hər zaman diqqət mərkəzində olmalıdır. Səkkiz iqlim tipinin ölkəmizdə olması bir çox alternativ enerji mənbələrindən istifadə etmək şansı yaradır. Bunlardan biri külək enerjisidir. Xəzər dənizi sahilində, xüsusilə Abşeron yarımadasında və yaxın ərazilərdə küləyin gücü orta illik göstəricilərdə yüksək olur, bu isə külək enerjisinin çıxarılmasına əlverişli şərait yaradır. Ənənəvi enerji mənbələrindən asılılığı azaltmaq üçün külək enerjisindən istifadə prioritet olaraq müəyyən edilmişdir.
    Daha sonra çıxış edən metodist Səbinə Rəhimova çıxış edərək bildirdi ki,  bu gün dünyada baş verən daşqınlar, qasırğalar, quraqlıq və anormal istilər qlobal istiləmə ilə əlaqədardır. Meşələr qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır. Onlar atmosferdəki karbon dioksidi udaraq onu oksigenə çevirir və beləliklə də, karbon balansını qoruyurlar. Lakin, meşələrin qırılması və torpağın deqredasiyası bu balansı pozur və qlobal istiləşmənin güclənməsinə səbəb olur. Bunfan başqa sənayeləşmə də insanlıq tarixinə böyük təsir göstərmişdir. Fabriklər və zavodlar qurulmağa başlandıqdan sonra həmin müəssisələrdə çoxlu sayda çirkli yanacağın yandırılması və atmosferə buraxılması qlobal istiləşmənin daha da güclənməsinə şərait yaratdı.
“İqlim və temperatur dəyişikliyi insanlara, qlobal iqtisadiyyata və dünyanın təbii sistemlərinə mənfi təsir göstərməməsi üçün dünya dövlətləri mütləq şəkildə dayanıqlı və ekoloji dost metodlara keçməlidir. Yalnız bu halda qlobal istiləmənin qarşısını almış olarıq” deyə Səbinə Rəhimova bildirdi.
Sonda mövzu ətrafında dəyirmi masa iştirakçılarının sualları cavablandırıldı.

5-11-2024, 13:27
up