Kollecdə dəyirmi masa keçirilib

Elm və Təhsil Nazirliyinin və UNEC rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq “20 yanvar hadisələrinin 34-cü ildönümü” ilə əlaqədar olaraq   UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Dəyirmi Masa keçirilib. 

Kollecin metodisti Sveta Behbudova Azərbaycan xalqının başına gətirilmiş qanlı müsibətləri  tədbir iştirakçılarının diqqətinə çatdırıb.  O, bildirib ki, 20 yanvar hadisələri xalqımızın qan yaddaşına çevrilib. Hadisənin baş verməsindən 34 il keçməsinə baxmayaraq Azərbaycan xalqının and yerinə çevrilmiş Şəhidlər Xiyabanı ziyarətgaha çevrilərək,qürur mənbəyimiz olan olan “20 yanvar qurbanları”  hər zaman hörmətlə anılır. 

Sveta Behbudova bildirib ki, 20 yanvar hadisəsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal sevgisindən əl çəkmədiklərini, hətta lazım gəldikdə bu müqəddəs amal uğrunda   canından keçməyə hazırdırlar.   1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan o zamankı müdafiə naziri Yazova tapşırılmışdı. 

Yanvar ayının 19-u gecəsi Bakı- Qala yolunda hadisənin ilk qurbanları verildi. Ardınca Bakıda və ətraf ərazilərdə dinc əhaliyə divan tutuldu. Nəticədə ölənlərin sayı 137-yə çatdı. 700-dək adam ağır bədən xəsarəti aldı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz həbs edildi. Həlak olan dinc sakinlər arasında uşaqlar, qocalar, gənclər və qadınlar da var idi. 

Sveta Behbudova çıxışında qeyd edib ki, faciənin səhəri günü, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirir və  dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pisləyir, bunu insanlığa sığmayan hərəkət kimi qiymətləndirir. 

20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilmişdir. 

O, bildirdi ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini bu gün də əziz tutur. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

 


22-01-2024, 03:12
up