“Erkən nikah gələcəkdə qeyri-sağlam ailə deməkdir”

“Statistikaya görə, dünya miqyasında 650 milyondan çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı 12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur edilir. Bu isə hər dəqiqədə 28 qızın erkən nikaha daxil olması deməkdir.  
UNICEF-in (United Nations International Children's Emergency Fund) məlumatına görə,  ən zəif inkişaf etmiş ölkələrdə bu rəqəm iki dəfə artıqdır. Orada qızların 40% -i 18 yaşından, 12% -i isə hətta 15 yaşından əvvəl ərə verilir..
Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah halları hələ də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur və cəmiyyətimizdə narahatlığa səbəb olan problemdir. Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Lakin buna baxmayaraq, hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Maarifləndirilmə sahəsində aparılan bütün tədbirlərin əsasında düzgün bilik və təşkilatçılıq dayanır. Bu prosesdə diqqəti müəllim-pedaqoqların fəaliyyətinə, həmçinin məktəb-valideyn işbirliyinin də mühim amillərdən biri olduğuna yönəltmək istərdim.
Bu sözlər 08.01.2025-ci ildə UNEC nəzdində Sosila-İqtisadi Kollecdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli Uşaq Poliklinikasının tibb bacısı Pərvanə Allahverdiyevanın qruplarda keçirdiyi “Erkən nikah və onun fəsadları” mövzusunda apardığı görüşdə səsləndirilib.
 
Daha sonra Pərvanə Allahverdiyeva “Erkən nikah və onun fəsadları” mövzusunda tələbələrlə tibbi söhbət aparıb. Söhbət zamanı erkən nikahın fəsadlarından danışaraq, qeyd edib ki,erkən nikah-nikah yaşına çatmamış şəxslərin ailə qurması, bu nikahın heç bir hüquqi qüvvəyə malik olmaması, qanunsuz hesab edilməsidir. Erkən nikah  həm də təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur.
Həmçinin qeyd olunub ki, erkən nikahın mənfi cəhətləri olduqca çoxdur. İlk öncə erkən nikahın qeyri-qanuni olması, üstəlik çoxsaylı, psixoloji, tibbi, iqtisadi fəsadlar bu tip nikahın əleyhinə işləyir. Uşaqlıq insan həyatının ən gözəl, ən əhəmiyyətli illəridir. Xoşbəxt, sağlam böyümüş  uşaq sağlam gələcək deməkdir. Bu məqsədlə “Erkən nikah və onun fəsadları” mövzusunda söhbət aparılmasının məqsədi erkən nikahın psixoloji, tibbi, iqtisadi fəsadlarını tələbələrə çatdırmaqdır.
UNEC-in nəzdində Sosila-İqtisadi Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev tələbələrin nəzərinə çatdırıb ki, erkən nikah gələcəkdə qeyri-sağlam ailə, bir sözlə qeyri-müəyyən gələcək deməkdir.Ailə hər kəs üçün müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bu gun qurulan ailələrə etibar edirik. Unutmayaq ki,sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır.Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.
Sonda tələbələri bu mövzuda maraqlandıran suallar cavablandırıldı.

10-01-2025, 16:47
up